Yağlı dərinin mənfi tərəfləri və üstünlükləri
Yağlı dəri problemli dərinin bir növü olub, yüksək yağlılıq və parıltılı görünüşlə səciyyələnir. Piy vəzilərinin sekretor aktivliyinə görə kosmetologiya və dertmatologiyada 4 növ dəri tipi ayırd edilir: normal, quru, yağlı, kombinəolunmuş (qarışıq). Qeyd etmək lazımdır ki, hər bir tip özlüyündə norma hesab olunur. Dəri bir qayda olaraq, yaşla əlaqədar dəyişir; bununla yanaşı müxtəlif kosmetik vasitələr və makiyajdan daimi istifadə dərinin həqiqi xüsusiyyətləri yanlış təəssüratların yaranmasına səbəb ola bilər. Digər tiplərlə müqayisədə yağlı dəri daha sıx rast gəlinərək, müxtəlif dermatoloji problemlərin yaranmasına meylli olur. Məhz bu səbəbdən yağlı dəriyə gündəlik və peşəkar qulluq olunmalıdır.
Yağlı dəri əsasən T-zona adlanan nahiyə - alın, burun, çənədə rast gəlinərək, parıltılı, baxımsız, kobud, kələ-kötür, tutqun, sarı-boz rəngli olur. Tonal krem və kirşanın dərinin yağlılığını aradan götürməsi müvəqqəti xarakter daşıyır. Problemli dəri sahələri üzlə yanaşı kürək və sinə nahiyəsində də izlənilə və yağlı saçlarla müşayiət oluna bilər.
Dərinin yağdan kifayət qədər təmizlənilməməsi nəticəsində məsamələr ölmüş dəri pulcuqları, toz və piylə tutularaq, qıfşəkilli genişlənir. Əksər hallarda məsaməli dəri portağal qabığını xatırladır. Həddindən artıq parıltı və genişlənmiş məsamələrdən əlavə yağlı dəri komedonlar (piy vəziləri axacaqlarında qara tıxaclar), milium (ağ civzə) və aknelərin yaranmasına meyllidir. Bu tip dəridə damar ulduzcuqlarına (teleangiektoziya) daha çox təsadüf edilir. Dəri piyinin ifrazının artması ilə yanaşı onun tərkibinin də dəyişməsi seboreya adlanan patoloji hal kimi qiymətləndirilir.
Yağlı dərinin mənfi tərəfləri ilə bərabər üstünlükləri də qeyd olunur. Belə ki, o, rütubəti özündə yaxşı saxlamaqla əlverişsiz atmosfer amillərinin (külək, günəş şüaları, aşağı temperatur) təsirinə qarşı daha yüksək dözümlülük qabiliyyətinə malikdir. Bununla əlaqədar yağlı dəri fotoyaşlanmaya az məruz qalır və elastikliyini qorumaqla qırışların əmələ gəlməsini ləngidir.
Yağlı dəridə iltihabın uzun müddət müşahidə olunması demodekozu inkar etmək üçün dermatoloqa müraciət etməyə əsas verir. Dərinin yağlanmasının səbəbini aydınlaşdırmaq üçün dermatoloq, qastroenteroloq, endokrinoloq, ginekoloq-endokrinoloqun konsultasiyası tələb oluna bilər.